Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Polkovnikin xilası, şəhidin son arzusu, “komandiri öldürün” əmri... - XATİRƏ

Polkovnikin xilası, şəhidin son arzusu, “komandiri öldürün” əmri... - XATİRƏ

Tarix : 14-05-2017, 09:35 | Kateqoriya: Ölkə / Manşet
(голосов:0)
 
Qarabağ müharibəsinin gerçək hekayətlərini Lent.az-a kəşfiyyatçı Rey Kərimoğlu yazır Layihə: “Kəşfiyyatçının xatirələri”


Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.


Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...


Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...


Döyüşün  qızğın vaxtında qəflətən səmada “krokodil” markalı hərbi vertolyot göründü. Ağdam tərəfdən gəldiyindən bizim olduğunu müəyyənləşdirdik. Yəqin  Briqadadan bizə kömək üçün  göndərmişdilər. Amma vertolyot ermənilərin yox, Şirin Mirzəyevin olduğu dəstənin mövqeyini vuranda çaşıb qaldıq. Elə bildik, Şirin Mirzəyev qarışıq uşaqlar həlak oldu. Vertolyot növbəti dövrələrinin birində ermənilər tərəfindən vuruldu...


Biz Ağbulağın fermasının yanında mövqelərimizi möhkəmlədib Abdal Gülablıya tərəf qayıtdıq.


Vurulan vertolyotun iki pilotundan biri- azərbaycanlı (Onun haqqında, sonrakı taleyi barədə məlumatımız yoxdur. R.K.) bizim əsgərlərin nəzarətində olan əraziyə, ikincisi-polkovnik leytenant Şuvaryov isə ermənilərin nəzarətində olan əraziyə düşdü. Özü də ağır yaralı halda. Ermənilər onu əsir götürdülər. Amma əsgərlərimiz buna mane olmağa çalışırdılar.


Onun son döyüşü


18-ci yazı


Əsgərlərimiz artıq sol cinahda bayaqdan bizə göz açmağa imkan verməyən BMP-nin yaxınlığına çatmışdılar. Artıq  sözün əsl mənasında ölüm-dirim savaşı gedirdi. Əvvəllər kəşfiyyat dəstəsinin, indi  isə 3-cü (Salahlı) batalyonunun komandiri olan Əkbər Məmmədov, həmin batalyonun 2-ci rotasının komandiri Sənan Rüstəmov, 1-ci batalyonun kəşfiyyatçısı Ziyad Əliyev, minaatanlar dəstəsindən Şamil Əbilov və digər dəstələrdən olan əsgərlərimiz var qüvvələriylə döyüşürdülər.


Ermənilər tərəfə düşən və yaralı halda əsir götürülən polkovnik-leytenant Şuvaryovu azad etmək üçün hücuma keçdik. Bu elə surətlə baş verdi ki, ermənilər geri qaçmağa başladılar. Sənan Rüstəmov Şuvaryovu çıxararaq nisbətən təhlükəsiz yerə gətirdi.


Sonra bəlli oldu ki, Şuvaryovun sənədləri, əməliyyat xəritəsi və çox vacib hərbi sirlər olan videolent ermənilər tərəfdə qalıb.


Sənan heç kəsi gözləmədən yenidən düşmən tərəfə qayıdır, Şuvaryovun sənədləri, əməliyyat xəritəsi və çox vacib hərbi sirlər olan videolenti götürüb, geri dönür. Bu zaman BMP-nin üstündəki iri çaplı pulemyotdan atılan atəşlə Sənanı vururlar.  Bu hadisə mənim yaddaşımda əbədi olaraq bax beləcə qaldı:


Sənan necə şəhid oldu...


...15 may 1992-ci il... Əynində döyüşün ağır keçdiyini nişan verən, didik-didik əsgər mundiri olan on doqquz yaşlı bir gənc. Başı dizlərimin üstündə sakitcə uzanıb. Mundirinin yaxası deşik-deşik, sinəsi aramla qalxıb-enir. Bir neçə pulemyot gülləsi onun sinə qabırğalarını qırıb dağıtdığından ürəyinin çırpındığı aydınca görünür. Tozla qan qarışıq “palçığa” bulaşmış ürəyi hələ də döyünür...


Parçalanmış ürəyindən axan qıpqırmızı qan toza qarışıb, rəngini dəyişir. Lakin Sənan nə ağlayır, nə də danışır. Eləcə baxır, düz gözlərimin içinə. Nəsə demək istəyir, amma nə? Kim bilir onun parçalanmış ürəyindən nələr keçir? Özümü elə aparıram ki, guya nə demək istədiyini anlayıram. Cəmi bir gün əvvəl sevdiyi qızın adını mənə deyəcəyinə söz vermişdi. Bəlkə onu demək istəyir, nə bilmək olar? Gecdi, çox gec. Gərək dünən təkid edəydim. Artıq nə mənası var...


Çox gənc olmasına baxmayaraq, Sənanla dəfələr dərdləşmişdim. Keçmişindən çox danışmışdı. On doqquz yaşlı gəncin keçmişindən nə qədər danışmaq olarsa... Həzin və şirin səsi vardı Sənanın. Təbi gələndə bir də gördün avtomatını tar kimi sinəsinə çarpazlayıb oxuyur... Ən çox da “Qarabağın maralı”nı oxuyurdu. Bilirdim ki, sevdiyi var. Hərdən özü söz salardı ondan, arada soruşurdum ki, kimdir sevdiyin? Cavab verməzdi, yayınardı cavabdan. Cəmi bir gün əvvəl bunları demişdi mənə:


- Qaqa, saa deyəjəm! Amma heç kimə demə ha! Papam bilsə...


Amma yenə demədi. Vədinə əməl etmək qismət olmadı.


İndi gözəl bir yaz günündə, təbiətin ən füsunkar çağında, insanın qanının qaynadığı, yaşamaq eşqinin artdığı bir vaxtda bu sevdalı gənc oğlan qollarım arasında can verirdi.


Heyf! Onda sevdiyi qızın adını təkidlə soruşmadığıma peşman idim. Amma gec idi, çox gec... Çünki indi o, ruhu Tanrı dərgahına hazırlaşan bir yaralıydı. Bir az sonra isə Şəhid olmuş cəsədi ana və bacısının qarşısında ağrıya, təsəlliyə çevriləcəkdi...


Gözlərindən yaş axmağa başladı. Göz yaşları barıt tüstüsünə, palçığa və qana batmış sifətindən çənəsinə doğru iki çığır açdı.


Uşaqlar növbəti həmlə ilə irəli atıldılar. Ermənilər bu qəfil və olduqca cəsarətli həmlədən özlərini itirib, qaçmağa üz tutdular. O qədər çaşmışdılar ki, təptəzə BMP-ni də işlək vəziyyətdə döyüş meydanında qoyub qaçırdılar. Hamısı qaçsa da, BMP-nin pulemyotçusu, Sənanı vuran erməni ələ keçdi.


Ziyad süngü bıçağının arxası - küt yeri ilə o erməninin başına vura-vura öldürdü...


Həlak olandan sonra Sənanın əsgər paltarının cibindən Şuvaryovun sənədi çıxdı. Şirin Mirzəyevin tapşırığı ilə Rauf Fərəcov bu sənədi Bakıda hərbi hospitalda yatan yaralı Şuvaryova verir. Şuvaryov Raufdan xahiş edir ki, onu və qiymətli sənədləri xilas edən əsgərə təşəkkür edərsən! Rauf ona deyəndə ki, o əsgər şəhid olub, Şuvaryov ağlayır...


SƏNAN

40a23876e0f911b28598920d6a0ecd86


Sənan Əkbər oğlu Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olub, Ağdam şəhər 2 saylı orta məktəbi bitirib. Ağdamda Qurban Pirimov adına 2 saylı musiqi məktəbinin tar şöbəsində oxuyub. “Qarabağ bülbülləri, ansamblını fəal üzvü olub. Elə uşaqlıqdan idmana böyük maraq göstərən Sənan hələ 16 yaşı olmasına baxmayaraq, kişilər arasında sambo güləşi üzrə respublika çempionu olub, SSRİ idman ustası normasını yerinə yetirib.

e1fde4aac8748e86e012a21e117ca099

1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq hərəkatına qoşulur, hamı kimi gecələr ermənilərlə üzbəüz kəndlərimizdə keşik çəkir. 1991-ci ilin may ayında sovet ordu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Qarabağda ermənilərin fəallaşmasından, onların kəndlərimizə tez-tez hücum etmələrindən narahat olan Sənan sovet ordusunda xidmətdən imtina edərək, 60 nəfər əsgərlə Bakıya - Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək, Vətəni qorumaq niyyətində olduqlarını bildirir. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda – Xaçındərbənddə (“Xaçınstroy”) yerləşən Şirin Mirzəyevin batalyonuna gələrək orada xidmətini davam etdirir.


1992-ci il yanvar ayında Ağdərənin Umudlu kəndində erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan ayağından yaralanır.


O, 1992-ci il mart ayında Ş.Mirəzyevin tapşırığı ilə düşmən qüvvələrinin arxasına keçərək Xankəndində yerləşən N saylı hərbi hissədən mühüm əhəmiyyətli xəritəni götürmək məqsədi ilə həyata keçirilən əməliyyatda kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov, kəşfiyyatçılar Əlabbas İsgəndərov və Aydınla birlikdə iştirak edir.


Sənan Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənə qarşı qəhrəmanlıqla vuruşub.

b63e9d6328a8b345017bf2a6bac0a1bb

Xüsusi ilə qeyd edim ki, Sənanın atası Əkbər Rüstəmov digər iki oğlu - Sarvan və Kənan da torpaqlarımızın erməni təcavüzündən müdafiəsində əvvəldən axıra qədər iştirak ediblər. Ata üç oğlu ilə birlikdə vətənin müdafiəsinə qalxıb. Əslində Rüstəmovlar ailəsi cəmiyyətimiz üçün örnək ola biləcək bir ailədir.


Sənanın uzaqgörənliyi


Bir dəfə səhərə yaxın kəşfiyyatdan qayıdıb batalyona gəldik. Yuyunub, adama bir stəkan isti çay içib, sonra yatıb dincəlməliydik. Kimsə xəbər gətirdi ki, bir qəhrəman döyüşçünün valideyninə qarşı hansısa məmur haqsızlıq edilib. Onda biz çox narahat olduq, o haqsızlıq edən adamın dərhal tapılıb cəzalandırılması üçün dostlara xəbər göndərdik. Hamımız “Belə də haqsızlıq olar?”, “Belə də ədalətsizlik olar?” deyə bərk əsəbiləşmişdik.


Bunu özümüzə əməlli-başlı dərd eləmişdik. Bax onda Sənan müharibədən sonra mənim dəfələrlə şahidi olacağım hadisəni öncədən görürmüş kimi dilinə gətirdi:


- Eh, ay uşaqlar! Hələ bu nədir ki, təki sağlıq olsun! Müharibə qurtarandan sonra qaçıb gizlənən fərari gədələr o qədər bizim valideynlərimizə, əzizlərimizə qarşı belə ədalətsizlik edəcəklər ki, bu onların yanında toya getməli olacaq!


Komandiri öldürmək tapşırığı


Abdal Gülablı kəndini ermənilərdən təmizləyib “Keçi cığırı” deyilən posta yaxın bir yerdə, dağın döşündə bir çəmənlikdə Şirin Mirzəyevlə görüşdük. Səhv etmirəmsə, Sənanla birlikdə iki əsgər itirmişdik biz bu döyüşdə. Əsgərlərimizin ölümünə çox acıyırdı...


Şirin Mirzəyevin rəhbərlik etdiyi dəstə ortadan ermənilərin mövqeyinə ağır zərbə vuraraq Filman Abbasovun rəhbərlik etdiyi qrupla birləşmişdi. Öyrəndik ki, ikinci ekipajdan Abdalın girəcəyində vertolyotun Şirin Mirzəyevin olduğu mövqeyi atəşə tutmasının səbəbini soruşublar. O da deyib ki, “yuxarıdan” əmr verilmişdi ki, Şirin Mirzəyevin bir komandir olaraq erməniyə əsir düşməsinin qarşısını almaq üçün, təhlükə gerçək olan anda onu məhv etmək lazımdır...

(Ardı var)

Rey Kərimoğlu
Rey Kərimoğlu



Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: