Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » ELDAR MAHMUDOVUN “ŞİMAL KÜLƏYİ” ƏMƏLİYYATI – Həbsdəki generalın şok ifadəsi

ELDAR MAHMUDOVUN “ŞİMAL KÜLƏYİ” ƏMƏLİYYATI – Həbsdəki generalın şok ifadəsi

Tarix : 28-04-2017, 09:16 | Kateqoriya: Ölkə / Manşet
(голосов:0)
 
MTN generalı Elçin Quliyevin istintaqa ifadəsi məlum olub. General sabiq nazir Eldar Mahmudova qarşı ifadə verib və sensasion faktlar açıqlayıb.
Musavat.com xəbər verir ki, hazırda həbsdə olan ləğv edilmiş MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində araşdırılıb.
Digər 3 MTN əməkdaşı ilə birlikdə hakim qarşısına çıxarılan Elçin Quliyevin istintaqa ifadəsi məlum olub. İstintaq ifadəsindən məlum olur ki, general ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilmir.
2007-2015-ci ilədək MTN-nin antiterror mərkəzinin rəisi vəzifəsində işləmiş, 2015-ci ilin noyabr ayından nazirliyin H.Əliyev adına Akademiyasında kafedra müdiri olmuş E.Quliyev ifadəsinin əvvəlində bunları deyib: “Mən bir neçə dəfə sabiq nazirin xüsusi tapşırıqlarını yerinə yetirmişəm. Monitorinq mərkəzinin rəisi Teymur Quliyev ilə birlikdə əldə olunacaq məlumatları birgə işləmişik. Teymur Quliyevə əlavə işləri görməklə mənə məruzə etməyi tapşırmışam. Teymur Quliyev müəyyən məlumatlar göndərib, biz də müəyyən məlumatları toplayaraq sabiq nazirə təqdim etmişik”.
General Elçin Quliyev ifadəsində etiraf edib ki, kuratorluq etdiyi sahələr üzrə pul qazanmaq lazım olduğunu, bu tapşırığı da sabiq nazir Eldar Mahmudovdan aldığını deyib.
Onun sözlərinə görə, 2015-ci ilin oktyabr ayınadək olan dövrdə rəhbəri olduğu mərkəzin sabiq rəis müavini İlqar Əliyev (həbsxanada intihar edib) və digərləri ilə birlikdə əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı üçün dövlət büdcəsindən Milli Təhlükəsizlik Nazirliyinin Maliyyə İdarəsinin kassasından xüsusi xərclər smetasından ayrılmış pul vəsaitləri təyinatı üzrə xərclənməyib: “Mən antiterror mərkəzinin rəisi işlədiyim müddətdə özümün və tabelyimdə olan işçilərin icraatında olan əməliyyat işləri üzrə mənbələrə iki istiqamət üzrə pul vəsaiti ödənilirdi. Mənbələr pul vəsaitinin ödənilməsi ilə bağlı əməliyyat işçisi tərəfindən raportla mənə müraciət olunurdu. Özüm raportda göstərilən məbləğin mühasibatdan alınması ilə bağlı viza verdikdən sonra razılaşdırılması üçün sabiq nazirə göndərirdim. Sabiq nazir raportu təsdiq edəndən sonra mənə qaytarılırdı. Sonra həmin raport əməliyyat işçisi tərəfindən nazirliyin maliyyə idarəsinə təqdim edilirdi. Maliyyə idarəsindən müvafiq məbləğdə pul vəsaiti götürüldükdən sonra müavinim İlqar Əliyevə təqdim edilirdi. Onun tərəfindən də adiyyatı üzrə əməkdaşlara paylanılırdı. Vəsaitlərin alınması işini özüm İlqar Əliyevə tapşırmışdım. Bir qayda olaraq vəsaitləri mühasibatlıqdan 1-ci idarənin rəis müavini Azər Məcidovun almasını bilirdim”.
MTN generalı söyləyib ki, 2013-cü ilin dekabr ayında sabiq nazir ona zəng vurub və İsraildən hansısa avadanlıq alınması ilə bağlı böyük məbləğdə pul lazım olduğunu, ona görə də “Şimal küləyi” əməliyyat işi üzrə pul alınmasına dair bir neçə raport yazıb, həmin raportun mühasibatlığa pul götürülməsi üçün təcili göndərilməsini bildirib.
Elçin Quliyev Eldar Mahmudovun bu göstərişini necə yerinə yetirdiyini təfərrüatı ilə danışıb: “Təcili olaraq İlqar Əliyevə məlumat verdim ki, həmin iş üzrə bir neçə raport yazsınlar. Daha sonra ümumi məbləği 1 milyon manatdan yuxarı pul vəsaitinin götürülməsinə dair bir neçə raport götürdüm və silinmə arayışları ilə birlikdə sabiq nazirə göndərdim. Sabiq nazir tərəfindən həmin raportlar təsdiq edildikdən sonra hansısa işçimiz tərəfindən pul vəsaiti maliyyə idarəsindən götürüldü. Həmin vəsait əvvəlcə İlqar Əliyevin otağına gətirildi. Orada da sabiq nazirin göstərişi ilə köməkçisi Vüqar Məmmədova verildi. Həmin vəsait mühasibatlıqdan götürüldüyü məbləğdə də Vüqar Məmmədova göndərilib”.
Elçin Quliyev əlavə edib ki, bundan sonra sabiq nazir ona yenidən 1 milyon hazırlanması göstərişini verib: “Yenə də “Şimal küləyi” adlı əməliyyat işində xərclənməsi adı ilə raportları yazmağı, pulu da Vüqar Mahmudova verməyimi tapşırdı. Yenidən İlqar Əliyev vasitəsi ilə bir neçə raport yazdırdım. Maliyyə idarəsinin rəisi Rəşad Hüseynovla razılaşdırdıq ki, pul vəsaiti birbaşa maliyyə idarəsindən Vüqar Mahmudova verilsin. Buna görə də pul birbaşa Vüqar Mahmudova verildi. Bildiyimə görə, 2013-cü ilin dekabr ayında antiterror mərkəzi ilə yanaşı nazirliyin digər idarələrindən də eyni qaydada pullar götürülüb”.
Daha sonra Elçin Quliyev ifadəsində sahibkar Xalıq Sadıxovun külli miqdarda pul vəsaitinin ələ keçirilməsi məqsədilə ona qarşı qanunsuz hərəkətlərə yol verməsi, hər ay ondan pul alınması epizodu üzrə dindirilib. Ancaq general ittihamları rədd edib: “Elite Travel” turizm şirkətinin rəhbəri Xalıq Sadıxovu tanımıram. Onunla bağlı rəhbərlik etdiyim antiterror mərkəzində hər hansı materialın, ərizənin olması, habelə həmin şəxsin MTN-nin inizabti binasına buraxılmasını xatırlamıram”.
Elçin Quliyev ifadəsinin davamında hazırda həbsdə olan Teymur Quliyevlə birlikdə sabiq nazirin göstərişlərini necə icra etməsini açıqlayıb. O, deyib ki, bir neçə dəfə sabiq nazir ona zəng vurub və monitorinq xidmətinin rəisi Teymur Quliyevlə bir obyekt barədə texniki tədbir keçirilməsini, əldə olunacaq məlumatları birgə işləyib, əlavə zəruri işlər görməklə məruzə etməyi tapşırıb: “Daha sonra Teymur Quliyev müəyyən məlumatlar göndərdi. Biz də əlavə məlumatları toplayaraq sabiq nazirə təqdim etdik. Barəsində texniki tədbirlər tətbiq edilmiş vəzifəli şəxslərin adlarını hazırda xatırlamıram. İttihamda göstərilən şəxslər barəsində hər hansı bir tədbirin keçirilməsi, telefon danışıqlarına dair məlumatların götürülməsi, qulaq asılması məsələlərin razılaşdırılması ilə bağlı sabiq nazir Eldar Mahmudova və ya nazir müavini Hilal Əsədova məruzə edib-etmədiyimi xatırlamıram”.
MTN generalı Elçin Quliyev ona qarşı irəli sürülən digər ittihamlar üzrə də özünü də təqsirli bilməyib. General sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maqsud Mahmudovdan hədə-qorxu yolu ilə 250 min dollar tələb edilməsi və 120 min dolların ələ keçirilməsi ittihamını rədd edib.
Sahibkar Yalçın Abdullayev və digərlərinin qanunsuz azadlıqdan məhrum edilməsi, ona məxsus 30 min dollar məbləğində “İnfinity FX 35” markalı avtomobilin hədə-qorxu yolu ilə əlindən alınması epizodu üzrə bunları etiraf edib: “2015-ci ilin sentyabr-oktyabr aylarında anam Ədilə Quliyevanın xahişi ilə onun iş yoldaşı Mahirə Süleymanovanı tabeliyimdə olmuş əməkdaşlar tərəfindən ləğv olunmuş MTN-nin Anterror mərkəzində qəbul etdik. O, Yalçın Abdullayev və digərlərinin qanunsuz əməlləri barədə ərizə yazdı. Həmin ərizə əsasında Yalçın Abdullayev və onun tanışlarını antiterror mərkəzinə çağırdıq. Onlardan “İnfinity FX 35” markalı avtomobilin Mahirə Süleymanovaya qaytarılmasını tələb etdik. Həmin avtomobillə əlaqədar faktiki olaraq Binəqədi rayon Məhkəməsində mülki işə baxıldığını bilirdim. Eyni zamanda ləğv olunmuş MTN-nin Binəqədi rayon idarəsinin sabiq rəisi Rafiq Səfərovdan həmin avtomobilin Binəqədi rayon icra şöbəsinin əməkdaşları tərəfindən Yalçın Abdullayevdən alınaraq saxlanca yerləşdirilməsini və daha sonra Mahirə Süleymanovaya qaytarılmasını təmin etməyi xahiş etdik. Göstərilən məsələlərlə bilavasitə İlqar Əliyev və Azər Mehdiyev məşğul olub”.
Qeyd edək ki, Elçin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi mayın 4-də keçiriləcək.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: