Kateqoriya: Ölkə, Ekonomist, Manşet

İşsizlik, yoxsa gücsüzlük? - Natiq Cəfərli yazır

İşsizlik, yoxsa gücsüzlük? - Natiq Cəfərli yazır

Dünya iqtisadiyyatının və texnologiyaların inkişaf trendi onu göstərir ki, dünyada yaxın illərin ən böyük problemi işsizliklə bağlı olacaq. Ən maraqlısı budur ki, cəmi 10 ildən sonra bu gün hələ də təlabat olan peşələrin yarıdan çoxu sıradan çıxcaq.
Azərbaycanın bəlası isə həm eybəcər idarəetmə sistemidir, həm də texnologiyaların gələcəkdə təsirinin qaçınılmaz olmasıdır. Böyük neft pulları dövründə əmək bazarı və iş yerlərinin strukturu çox eybəcər yöndə imkişaf etdi, ştatlar şişirdildi, bütün iqtisadi aktivlik büdcə vəsaitinin xərclənməsi üzərinə quruldu.
Rəsmi rəqəmlərə nəzər salaq: Bu il sentyabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 520,2 min nəfər olub, onlardan 887,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 632,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 22%-i təhsil, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,8%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 10,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Ölkədə əmək qabiliyyəti olan əhalinin 35%-ə yaxını birbaşa neftdən və büdcədən, yerdə qalanların isə, təqribən, 55%-i isə dolayısı ilə neftdən və büdcədən dolanır. Məsələn, tikintidə çalışan 7%-ə yaxın vətəndaşın dolanışığı dolayısı ilə neftdən (büdcədən) asılıdır: Neft satılır, pulu büdcəyə gedir, büdcədən təmir-tikintiyə pul ayrılır, camaat orada iş tapır. Nəzərə alın ki, təmir-tikinti sahəsində, inşaat materiallarının istehsalı və daşınmasında rəsmi çalışanlardan dəfələrlə artıq qeyri-rəsmi çalışanlar var. Bir sözlə, neft gəliri azalır, tikinti də azalır, iş yerləri itir. Bu yanaşma digər sahələrdə də keçərlidir.
Azərbaycanın daxili sistemindən qaynaqlanan problemlər.


1) Ölkədə dövlət və hökumət strukturlarının yarısı bağlanmalı, və ya birləşdirilməlidir. İdarəetmədə çalışan insanların, ilkin mərhələdə 30%-i, sonrakı mərhələdə daha 20%-ə yaxını ixtisara düşməlidir. Çünki, mənasız, məzmunsuz, əlavə dəyər yaratmayan, insanların təşəbbüskarlığına mane olan işlərlə məşğuldurlar,
2) Ən çox iş yeri müəllimlərdədir, maaşları az, iş yükü az, bir hissəsi qohum-əqraba, tapşırıq, rüşvətlə iş ştatı qazanıb, işə çıxıb. Əksəriyyəti də qəbul imtahanlarında ən aşağı bal toplamış keçmiş tələbələrdir. Müəllimlərin maaşı, azı 3 dəfə artmalıdır, bunun üçün isə müəllimlərin ciddi bir hissəsi ixtisara düşməlidir, texnoloji inkişaf da müəllimlərin sayını azaldacaq faktordur, bu haqda sonra qeydlərim olacaq,
3) Həkimlərin sayı da az deyil, amma burada da keyfiyyət problemi var, həm də texnoloji inkişaf da onların işlərini azaldacaq,
4) Bank sektoru işçilərinin vəziyyəti çox ağırdır, onları 5 il öncə xəbərdarlıq etmişdim (şərhlərdə bütün istinad linkləri olacaq), bu gün bank sistemi ölkədə çökmək üzrədir, hətta çöküb, sadəcə bunun rəsmiləşdirilməsi qalıb. Artıq 2700 bank işçisi işsiz qalıb, proses davam edəcək, burada texnoloji inqilab da öz rolunu oynayacaq,
5) İdman sahəsi ölkədə tamamən korrupsiya və çirkli pullar üzərində qurulub, sağlam təməli yoxdur. Bu sistemdən sonra idman sahəsi bir neçə il tamam çökəcək. Hətta ölkənin daxili çempionat keçirməyə komandalar da qalmayacaq. Bütün idman növlərində çöküş yaşanacaq – bu sahədə birbaşa və dolayısı ilə çalışan yüzlərlə insan işsiz qalacaq,
6) Jurnalistika və media – bu sahədə də əsas vəsait dövlətdən, ya da qeyri-leqal məmurlardan gəlir. Media olması üçün, reklam bazarı, reklam bazarının olmağı üçün azad və rəqabətli bazar, azad və rəqabətli bazarın olması üçün isə normal idarəetmə və məhkəmə sistemi olmalıdır. Bu sistemdən sonra bir müddət jurnalistlər də işsiz qalacaqlar, bir çox TV kanallar bağlanacaq,
7) Ticarət işçiləri – bu sahədə də 2 önəmli əngəl var: a) ümumi iqtisadi aktivliyin azalması, b) gələcək üçün isə online ticarətin geniş inkişaf perspektivləri. Ticarətdə çalışanları da ağır illər gözləyir, ciddi içsizlik potensialı olan sahədir,
8) Kənd Təsərrüfatı – Burada da ciddi əngəllər var. Ölkə əhalisinin 45%-i kəndlərdə yaşayır, ölkədə urbanizasiya hələ başa çatmayıb. 19-cu əsrdə İsveçdə əhalinin 91%-i kəndlərdə yaşayırdı, bu gün cəmi 3%-i kəndlərdə yaşayaraq fermerliklə məşğuldur, amma İsveç həm özünü böyük ölçüdə təmin edir, həm də dünyaya hər il 20 mlrd. dollarlıq aqrar-sənaye məhsulları satır. Yəni, biz əgər kənd təsərrüfatını rentabelli etmək istəyiriksə, ciddi texniki və yeni texnoloji yanaşmaya keçməliyik, keçsək isə o sahədə də ciddi işsizlik yaranacaq. Məsələn, İsraildə hər hektardan 78 sentner buğda alınır, ortalama, hər 10 hektara 1 nəfər çalışan düşür. İndi özünüz bu sahədə texnika və texnologiyaların tədbiqinin nə qədər işsizlik yaradacağına fikir verin və yeni yanaşma olmasa isə bu sahə rentabelli olmayacaq,
9) Turizm – şişirdilmiş yanaşma var ölkədə, amma potensial da var. Burada spesefik turizm olacaq, ərəb və fars dilini öyrənin, ancaq onların dünyəvi, müsəlman ölkəsində rahat içki içmək və kef eləmək istəyindən pul qazana bilərik. Fars dilini həm də ona görə öyrənin ki, bir müddət sonra iş üçün Rusiyaya deyil də, İrana getməli olacağıq.


Yəni, işsiz ola bilərik, amma gücsüz olmamalı, öz üzərimizdə işləməli, yeni peşələrə yiyələnməliyik. Gələcək həm də peşələrin zamanı olacaq, öz peşəsində peşəkar olanlar həmişə çörək tapacaq.
Dünyada gedən tredlərin təsiri. Bu haqda çox yazmayacağam, 2 mühazirə linki yerləşdirəcəyəm, onlara baxın, sonra müzakirə edək. Əslində internetin, nana-texnologiyaların, 3D printerlərin, bərpa olunan enerji sahələrinin inkişafı yaxın gələcəkdə onlarla peşələri lazımsız edəcək.
Nəticə əvəzi. Bu sistemin çöküşündən sonra vəziyyət çox qəliz olacaq, müxalifətin əsas işlərindən biri də vətəndaşları buna hazırlamaqdır. “Təki bunlar getsinlər, hər şey güllü-gülüstan olacaq”, yanaşması insanlarda aşırı səhv gözlənti formalaşdırır. Müxalifətdə olan dostlarımız, “Qiymətlər endirilsin”, “Manat yenidən 0,78 qəpik olsun”, “Maaşlar 5 dəfə artırılsın”, “Kredit borcları silinsin”, kimi populist və yerinə yetirilməsi mümkün olmayan şüarlar və vəədlərlə çıxış etməməlidirlər. Bu haqda növbəti, “Yeni müxalifət konsepsiyası”, yazımda ətraflı yazacağam. Həm də “dövlət hər şeyi özü etməlidir”, yanaşmasından da əl çəkmək lazımdır, yazılarımdan biri də bu mövzu haqqında olacaq...

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *