Kateqoriya: Dünya / Manşet

Fəxri Hacıbəy yazır...

Fəxri Hacıbəy yazır...

Türkiyə ilə Rusiya arasında korlanan münasibətlər, qırılan əlaqələr nə bu ölkələrin strateji maraqlarına, nə də həmin ölkələrin periferiyasına daxil olan xırda dövlətlərin maraqlarına uyğun deyil.

Fəxri Hacıbəy, Alman Jurnalistlər Birliyinin (Deutsche Journalistische Verein — DJV) üzvü, Sputnik Azərbaycan üçün Almaniyada yaşayan tanınmış azərbaycanlı jurnalist Fəxri Hacıbəy ötən gün Sputnik-də yayımlanmış "Türkiyə və Rusiya üçün son şans: başqa yol yoxdur" sərlövhəli məqalədə səslənən fikirlərə reaksiya verib. Sputnik-ə yolladığı məqalədə o yazıb: "Türkiyə Rusiya münasibətlərindəki buzların əriməsi, yaxınlaşma tendensiyası məncə hər bir azərbaycanlının maraqla izlədiyi prosesdir. Xüsusən də Qarabağ cəbhəsində hərəkətlilik, həll prosesinin ölü nöqtədən çıxdığı, uzun illər kök salmış status-kvonun artıq arxada qaldığı bir dönəmdə bizim üçün xüsusi bir əhəmiyyətə malikdir. Avrasiyanın iki köklü, müəzzəm dövlətinin yaxınlaşma meylləri artıq hiss olunmaqdadır. Türkiyə və Rusiya çəkişməməlidir. "SU-24" çəkişməsinin real olaraq arxada qalacağına, ötən çəkişmənin yeni bir bərkişmə dövrünə giriş olacağına ümidlər artmaqdadır. Bu iki ölkə arasında konflikt olmamalıdır. Bunu ən az istəyən, bunun olmamasını arzulayan biz olmalıyıq. Rus-türk konflikti bizləri eynən ata və anaları savaşarkən ortada qalıb zərər görən günahsız uşaq durumuna salır. Azərbaycan siyasətində Türkiyə vektoru həmişə olacaq, eynilə də xarici siyasət vektorunda Rusiya amili də var və olmalıdır. Bunu zəruri edən bir çox səbəblər var. Bunu həm Rusiyayla birlikdə olduğumuz uzun tarixi keçmiş, həm bizi Türkiyədən də sıx bağlayan mədəni-kültürəl bağların mövcudluğu, həm də geopolitik səbəblər zəruri edir. © FOTO: BLOGS.FT.COM Türkiyə və Rusiya üçün son şans: başqa yol yoxdur Bir fakt dəyişməz olaraq qalır: biz 19-cu əsrin əvvəllərində Rusiya imperiyasının bətninə atılmış ibtidai mədəniyyət rüşeymi kimi zamanı gəldiyində, yüz il sonra — 20-ci əsrin əvvəlində baş verən hadisələr fonunda dünyaya gəlmişik. Mövcudluğumuza görə (Osmanlı) Türkiyə qədər həm də Rusiyaya borcluyuq. Yenə də, bu onun istəyi, arzusuylamı baş tutdu, yoxsa qeyri-ixtiyarimi, bu arxada qoyduğumuz və hazırda mövcud olan dəyişmək gücündə deyil. Rusiya-Türkiyə münasibətlərinin dalana dirənməsinə sərmayə qoyan qüvvələr və strateji planlar var. Bu iki ölkə arasında korlanan münasibətlər, qırılan əlaqələr nə bu ölkələrin strateji maraqlarına, nə də həmin ölkələrin periferiyasına daxil olan xırda dövlətlərin maraqlarına uyğun deyil. Bu heç həmin ölkələrin daxilində sosial sifariş də deyil. Ümid edək ki, hər iki ölkənin siyasi isteblişmenti onların üzünə bağlanan qapıların fonunda yaxınlaşmanın yeganə çıxış yolu olduğunun fərqində olacaqlar. Almaniya kansleri ilə görüşündə Azərbaycan prezidentinə Qarabağ probleminin həllinin Rusiyanın əlində olduğu birbaşa, açıq mətnlə bildirildi. Avropa hegemonu, deməli, həm də Avropa bütövlükdə konfliktin həllində Rusiyanın başı üzərindən edə biləcəyi və ya etmək istədiyi bir şeyin olmadığını bildirir. Azərbaycana Rusiyanın qapısını göstərir. Bu, Azərbaycana buraxılan seçımdır. Bundan bir az əvvəl Berlində səfərdə olan erməni prezidenti isə belə bir seçim qarşısında buraxılmamışdı. Bu, həm də münaqişə tərəfləri olan hər iki ölkəyə eyni əldən yardım edilə bilinməyəcəyinə işarədir. Ardınca şahidi olduğumuz alman-erməni jestləşmələri — İrəvanda "Wehrmacht" komandirinə ucaldılan abidə və (güman ki) qarşılığında Bundestaqın "erməni soyqırımı"nı tanıması bizə hələlik qaranlıq olan bir sövdələşmənin, bəlkə də qütbləşmənin, yenidən oryentirləşmənin üzə vurmuş işartılarıdır. © AFP / POOL / IVAN SEKRETAREV Ya barışmalı, ya da barışmalı Ortada bir antisemit seqmentin olduğunu deməyə əsas var. Ermənistanın son addımlarını təkcə aprel olaylarından sonra Rusiyaya qızğınlıq, Almaniyayla anlaşma jesti kimi qiymətləndirmək doğru olmazdi. Məncə bu, erməni beyin mərkəzlərinin düşünülmüş siyasətinin doğurduğu məntiqi addımdır. Ermənistan dünyada mövcud olan latent antisemitizmin arxasına keçir, onun mərkəzi qüvvəsi olmağa iddialıdır və atılan taktiki addımları da buna hesablanıb. Fikir versək, ermənilərin həmişə açıq və gizli antiyəhudi, antiisrail qüvvələrlə birlikdə hərəkət edən, eyni koalisiyada yer alan görə bilərik. Ermənistan-İran münasibətləri, ermənilərin antiyəhudi bəyanatları, Ermənistana ənənəvi şiə müsəlman ölkələrinin simpatiyası və dəstəyi — Fələstin və Livanda erməni terror təşkilatlarının təlim bazalarının mövcudluğunun pərdəarxasında məhz beynəlxalq erməniçiliyin antiyəhudi ritorikasına sahib çıxması cəhdi durur. Mümkün beynəlxalq qınaqlar qarşısında ermənilərin əli yəhudi qanına bulaşmış hərb xadiminə abidə ucaltmasi özünü yəhudi antipatiyaliları üçün cəlbedici etmək çabasıdır. Almaniya-Türkiyə münasibətlərinin soyuqlaşmasının hansı dönəmdə baş verməsi bu baxımdan diqqətçəkəndir. " Mavi Mərmərə" olayından 6 il sonra gözlənilmədən İsrail-Türkiyə münasibətlərində anlaşma əldə olunur, tərəflər yaxınlaşma niyyətlərini nümayiş etdirirlər. Belə bir vaxtda Almaniya Bundestagının "soyqırım"ı tanıması, Almaniya-Ermənistan uzlaşması sadəcə təsadüfdürmü?! Demək çətindir. Almaniyanın vaxtaşırı Rusiyanı konfliktyaradıcı güc olmaqda ittiham etməsi Rusiyanı Türkiyəylə eyni cərgəyə itələməsi kimi anlaşıla bilər. Hər halda, formalaşmaqda olan bir cəbhələşmə var. Bu koalisiyalara münasibətdə Rusiyayla Türkiyəyə hələlik teoretik olaraq eyni münasibət sərgilənir. Bu halda rus-türk yaxınlaşması təbiidir və yaranmış vəziyyətin diktəsidir. Bizə düşən isə bu yaxınlaşmanın baş tutmasına lazımi töhfəni vermək, bir növ körpü rolunu oynamaqdır.

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız